Avropa kuboklarında 1/8 final mərhələsinin ilk oyunları İngiltərə klubları üçün uğursuz alınıb.
Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın 9 təmsilçisinin iştirak etdiyi həftədə yalnız bir komanda qələbə qazana bilib.
Yeganə qalib “Aston Villa” olub. Birmingem təmsilçisi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk görüşündə Fransada “Lill” klubunu 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada yeganə qolu Ollie Uotkins vurub.
Digər üç İngiltərə klubu isə ilk matçlarını heç-heçə ilə başa vurub. “Arsenal” Almaniyanın “Bayer” komandası ilə 1:1 hesablı bərabərliyə son dəqiqələrdə penalti qolu sayəsində nail olub, “Nyukasl” İspaniyanın “Barselona” klubu ilə eyni hesabla heç-heçə edib. Konfrans Liqasında isə "Kristal Pelas" evdə Kiprin "AEK Larnaka" komandası ilə bacarmayıb - 0:0.
Qalan beş komanda isə məğlubiyyətlə üzləşib. “Çelsi” Fransada PSJ-yə, “Tottenhem” İspaniyada “Atletiko”ya 2:5, “Mançester Siti” İspaniyada “Real Madrid”ə 0:3, “Liverpul” Türkiyədə “Qalatasaray”a 0:1 hesabı ilə məğlub olub.
Avropa Liqasında çıxış edən “Nottingem Forest” də ilk oyunda gözlənilmədən Danimarkanın “Midtyulland” klubuna 0:1 hesabı ilə uduzub.
Beləliklə, Avropada çıxış edən doqquz İngiltərə klubundan yalnız biri qalib gəlib, üçü heç-heçə edib, beşi isə məğlub olub. Bu nəticələr İngiltərə Premyer Liqası təmsilçilərinin turnirin bu mərhələsində gözləniləndən xeyli zəif çıxış etdiyini göstərir.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları gələn həftə keçiriləcək və komandalar növbəti mərhələyə yüksəlmək uğrunda mübarizəni davam etdirəcəklər.













































































