Bolqarıstanın MOİK klubunun baş məşqçisi İvan Yanev UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ı penaltilər seriyasında 5:4 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra açıqlama verib.
Sportnet.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra danışan mütəxəssis komandasının taktiki hazırlığını və xarakterini xüsusi vurğulayıb:
“Burada söhbət təkcə motivasiyadan getmir. Bütün komandanın taktiki savadından da danışmaq lazımdır. Bütün məşqçilər korpusumu təbrik etmək istəyirəm. Rəqibi analiz etmək, ən yaxşı taktikanı seçmək və iki oyunun nəticəsində onları mübarizədən kənarlaşdırmaq üçün çox çalışdıq.
Bilmirəm, Bolqarıstanda insanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı dərk edirlər. Müqayisə etsək, qarşımda 17 illik təcrübəsi olan məşqçi var idi. Bu komanda ötən mövsüm “Benfika” və “Çelsi”yə qalib gəlirdi.
Bizim üçün gördüyümüz işin o qədər də pis olmadığını, əksinə, yaxşı iş gördüyümüzü anlamaq çox vacibdir. Mənim əlimdə qalan yeganə şey inamdır. Bəzən onu itirirəm, şübhələnməyə başlayıram. Hazırda gördüyümüz işə nəzarət edirik.
Heç vaxt özümü ümidsiz hiss etməmişəm. Bilirəm nə edirəm. İşə komandamızın inkişaf etməsi, kuboklar qazanması, insanları sevindirməsi və bizə ehtiyac duyduğumuz hər şeyi verən sahibimizə “MOİK”in xeyrinə çalışdığımızı göstərmək əzmi ilə gedirəm.
Bir oyunla tənqidçilərin ağzını bağlamaq mümkün deyil. Mən heç vaxt dəyişməyəcəyəm. Məni dəyərləndirən insanlara təşəkkür edirəm. Bu qələbə onların hamısı üçündür. Digərləri üçün isə işlədiyin hər gün özünü sübut etməlisən.
Bu gün göstərdik ki, çox dəyərli komandayıq. Tale bizim tərəfimizdə olsa və eyni səviyyəli oyunu nümayiş etdirsək, niyə də Avropa Liqasının əsas mərhələsinə yüksəlməyək?”










































































