"Emosiyalarımız yaxşıdır. Əsas məqsədlərimizdən biri liderliyi qorumaq idi".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı - Xankəndi Azərbaycan Velosiped Yarışının III mərhələsinin qalibi olan "Astana" komandasının üzvü Qleb Sıritsa mətbuat konfransında deyib.
Rusiyalı velosipedçi qənaət rejimində işlədiklərini bildirib: "Qarşıda daha iki mərhələ var. Əsas istəyimiz odur ki, başqa komandalar daha çox işləsinlər. Buna da nail olduq, gücümüzə qənaət etdik. Əsas gücümüzü sərf etsək, hamıya çox çətin olacaq (gülür - red.)".
26 yaşlı idmançı növbəti iki mərhələ üçün planlarına dair müəyyən təlimatlar alacaqlarlnı əlavə edib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.


















































































