
"Biz digər yarışlarda finala çıxmağa çalışacaq və indiki qiymətdən daha artığına layiq olduğumuzu sübuta yetirəcəyik". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında sinxron üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Larisa Kapustina deyib.
O bildirib ki, Avropa Oyunları kimi əlamətdar yarışlarda bu, Tatyana Nikitina - Yekaterina Valiulina dueti üçün ilk təcrübə olub. "Üstəlik, bu duet Oyunları təşkil edən ölkənin təmsilçisi kimi birinci sınaqdan çıxdı" deyən L.Kapustina azarkeşlərin dəstəyini vurğulayıb: "Çox xoş idi ki, yarış cığırına çıxanadək idmançılarımıza azarkeş dəstəyi verildi. Qızlar toparlandılar və etimadı doğrultmaq üçün hər şeyi etdilər. Hərçənd kiçik səhvlər var idi".
Baş məşqçi iyunun 13-də solo və ertəsi gün mütləq proqram üzrə çıxışlar zamanı da azarkeş dəstəyinə ümid etdiklərini bildirib. O, qarşıdakı yarışlarda daha yaxşı çıxış edərək, finala yüksəlməyə çalışacaqlarını söyləyib: "Əlbəttə, bizə yenə dəstək lazımdır".
L.Kapustina Rusiya, Ukrayna, Avstriya və Türkiyə duetlərini güclü saydığını, amma onlardan aşağı pillələrə düşmələrinin üzücü hal olduğunu əlavə edib.
Qeyd edək ki, Tatyana Nikitina - Yekaterina Valiulina dueti sinxron üzgüçü cütlüklər arasında təsnifat mərhələsində 71.4333 bal toplayaraq 18-ci yeri tutub və finala yüksələ bilməyib. ("Report")