
Avropa Atletika Assosiasiyası (AAA) Bakıda yeniyetmələr arasında 2014-cü il Nanjinq Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat yarışının (EYOT) təşkilatçılığını yüksək qiymətləndirib. Sportnet.az-ın məlumatına görə, bu barədə AAA-nın I vitse-prezidenti Xose Luis de Karlos açıqlama verib.
O bildirib ki, qurum 2015-ci il Avropa Oyunlarında atletlərin mübarizəsini səbirsizliklə gözləyir.
Avropanın 36 növ üzrə ən yaxşı gənc idmançılarından ibarət 678 nəfərin iştirak etdiyi idman tədbiri Azərbaycanda atletika üzrə keçirilmiş ilk beynəlxalq yarış olub. Bu turnir həm də 2015-ci il iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə keçirilmiş ilk sınaq yarışı xarakteri daşıyıb.
De Karlosun sözlərinə görə, AAA azərbaycanlı dostlarının turniri yüksək səviyyədə təşkil etməsindən məmnundur və bu, gözəl təəssüratlar yaradır: "Tədbirin təşkili üçün Azərbaycan Atletika Federasiyasına çox qısa vaxt verilib, ancaq onlar işlərinin öhdəsindən çox gözəl gəliblər. İndi isə Avropa Oyunlarının bir hissəsi kimi atletika üzrə komanda birinciliyi uğrunda Avropa çempionatının III liqasının müvəffəqiyyətlə həyata keçirilməsində sizinlə birgə çalışmağı səbrsizliklə gözləyirik”.
EYOT Oyunlar zamanı yerinə yetirilməli olacaq bir neçə funksiyaları, o cümlədən nəqliyyat əməliyyatları, təhlükəsizlik, Atletlər Kəndi və qida xidmətləri kimi funksiyaları sınaqdan keçirməsi üçün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə (BEGOC) imkan yaradıb. BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bunun dəyərli fürsət olduğunu vurğulayıb: "Mən de Karlosun təşkilatçılığı yüksək qiymətləndirməsindən şadam və bu cür yarışlara ev sahibliyi etməkdə həm milli federasiyaya, həm də BEGOC-a imkan yaratdığı üçün AAA-ya təşəkkürümü bildirmək istərdim. AAF ilə birgə çalışaraq biz bütün idmançıların və hakimlərin zövq alacağı müstəsna tədbir təşkil etdik. İlk sınaq yarışlarının uğurla keçirilməsi bütün qitələrin fəxr duyacağı Avropa Oyunlarının həyata keçirilməsində mühüm mərhələdir. Xüsusən, 4 aylıq gərgin məşqlərdən sonra belə gözəl idman tədbirini həyata keçirən Azərbaycanın bütün 166 texniki xidmət əməkdaşlarının da göstərdiyi töhfəni etiraf etmək istərdim”.
Təsnifat yarışında azərbaycanlı idmançılardan Nazim Babayev oğlanlar arasında 3 təkanla 16.14 metr məsafəyə tullanma növündə qızıl medal qazanıb. Qızlar arasında 3000 metr məsafəyə qaçış üzrə final yarışlarında Behafeta Hadiyes gümüş medala layiq görülüb.
AAF-ın prezidenti Çingiz Hüseynzadə Azərbaycanın yeniyetmələr arasında Avropa təsnifat yarışına ev sahibliyi etməsinin fəxr olduğunu və bu cür heyrətamiz uğuru əldə etmək üçün Yerli Təşkilat Komitəsində hər kəsin göstərdiyi səylərdən şərəf hissi duyduğunu bildirib: "Biz bütün idmançıları və komanda rəsmilərini Azərbaycanda qarşılamaqdan tamamilə zövq aldıq və onların hamısına Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında şöhrət qazanmaları üçün göstərəcəkləri cəhddə uğurlar arzulayırıq”.
Qeyd edək ki, yarış müddətində ümumilikdə 931 idmançı və komanda rəsmisi yeni tikilmiş Atletlər Kəndində qalıb. Bu da Kəndin ilk dəfə operativ fəaliyyət qabiliyyəti baxımından testdən keçirilməsinə şərait yaradıb. Mayın 28-dən iyunun 2-dək idmançılara və komanda rəsmilərinə ümumilikdə 12800 yemək xidməti və Atletlər Kəndi ilə Tofiq Bəhramov Stadionu arasında 469 avtobus nəqliyyatı xidməti göstərilib.