"Vaqif Cavadovun milli komandaya çağırılmaması
şəxsi problemlərlə əlaqədar ola bilməz. Mən buna inanmıram”. Bunu Sportnet.az-a
açıqlamasında Vaqif Cavadovun atası və meneceri Füzuli Cavadov deyib.
Ötənlərin məşhur futbolçusunun milliyə dəvətlilər
arasında ayrı-seçkilik olduğuna cavabı belə olub: "Vaqifin millidən kənarda
qalması Foqtsun həqiqətən də Türkiyə I Liqasına etimad göstərməməsindən
irəli gəlir. Amma bu da mübahisəli məsələdir. Çünki elə Vaqifin "Qaziantep B.B”dəki
komanda yoldaşı Ufuk Budak milli komandaya dəvət alıb. Yaxud Almaniyanın aşağı
liqalarında çıxış edən futbolçuların yığmaya çağırılmalarını misal göstərmək
olar. Əgər belədirsə, onda niyə Budak və Almaniyanın aşağı liqalarında oynayan
futbolçular milliyə dəvət alıblar?"
Füzuli Cavadov oğlunun Bolqarıstanla Avro-2016-nın
seçmə oyununda zəif təsir bağışlamasına görə millidən kənarda qalması
ehtimalına da münasibət bildirib: "Məgər Bolqarıstanla oyunda kimsə yaxşı
oynadı? Vaqif meydanda 45 dəqiqə olsa da, ən yüksək qiyməti aldı. Digər mövqelərdə
də xeyli səhvlər oldu. Onun oynamasının nəticəyə heç bir təsiri olmadı axı. Vaqifin
çağırılmamasında kiminsə əli, "barmağı” var. Amma bilmirəm kimdir".
Veteran futbolçu sonda onu əlavə edib ki,
Vaqif milliyə dəvət almamasını təəccüblə qarşılayıb: "Özünün də buna inanmağı gəlmədi,
təəccüb içində idi. Millidə çıxış etdiyi 8 il ərzində komanda yoldaşları
arasında ən çox oyun keçirən və ən çox qol vuran futbolçu mənim oğlumdur. Milli
komandamızın rəsmi oyunlarda bombardirləri arasında Qurban Qurbanovdan sonra ən
çox qol vuran məhz Vaqifdir. 9 qol vuran oğlum bombardir Qurbanovdan 5 top geri qalır. Onun millidən kənar qalmasını anlaya bilmirəm".