
Topaz Premyer Liqasının VII turunda "Neftçi" və "Qarabağ" komandaları arasında keçirilmiş matçın baş hakimi Orxan Məmmədovun cəzası müəyyənləşib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, gənc referi yüksək liqanın növbəti 5 qarşılaşmasından kənarlaşdırılıb.
Cəza müddətində onun I divizion qarşılaşmalarına təyinat alacağı da istisna deyil.
Bu qərar AFFA Hakimlər Komitəsinin Nizam-İntizam Kodeksinin müvafiq bəndinə uyğun çıxarılıb. O.Məmmədovun özü də oyun zamanı "Neftçi"nin qapısına penalti qərarı və "Qarabağ"ın hücumçusu Reynaldoya qırmızı vərəqə göstərməməsinin yanlış olduğu ilə razılaşıb.
Qeyd edək ki, "Qarabağ"ın 3:1 hesabı ilə qalib gəldiyi oyunda Orxan Məmmədovun idarəçiliyi "Neftçi"nin kəskin etirazı ilə qarşılanıb.