
"Berti Foqts postunda qalmalı və müqaviləsinin sonuna qədər işləməlidir. Anlaşma müddəti başa çatandan sonra ondan soruşulmalıdır ki, geridə qalan vaxt ərzində nə edib”. Bunu Sportnet.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Kazbek Tuayev deyib.
Veteran futbolçu bildirib ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts indi vəzifəsindən azad edilsə, ona müqaviləsində nəzərdə tutulan qaydada kompensasiya ödənilməlidir: "Ondansa yığmanın niyə belə pis oynadığı soruşulmalıdır. Qoy, sona qədər işləsin və cavabdehlik daşısın. Milli komandada perspektiv görmədiyini deyərək getmək istədiyini bildirirsə, qoy, getsin. Özü getmək istəyirsə, buyurub gedə bilər. Buna heç bir sorğu-sual ola bilməz. Amma özü bilərəkdən elə açıqlama verib ki, biz onu yola salaq. İşindən azad edilsə, biz ona təzminat ödəyəcəyik, heç kim də ondan soruşmayacaq ki, nəticələr niyə belə zəif oldu. O da sakitcə çıxıb gedəcək. Belə olmaz, lazım deyil”.
Millinin sabiq baş məşqçisinin fikrincə, Foqtsdan bu qədər zaman ərzində nə etdiyini və özündən sonra nə qoyub getdiyini soruşmaq lazımdır: "Deyir ki, məşqçilər heyəti zəif idi, bəs sən bu müddətdə məşqçilər korpusunun səviyyəsi barədə bir söz demisənmi? Əgər biz göndərsək, pulunu da alıb rahatca oturacaq evində. Amma özü getmək, Foqts qaçmaq istəyirsə, bu, başqa məsələ. Qalacaqsa, fəaliyyəti barədə hesabat tələb olunmalıdır”.
İK üzvü deyir ki, almaniyalı mütəxəssis qalsa da, getsə də, milli komandamız qələbə qazanacaq: " Yığmamızın qələbəsi onsuz da olacaq. Məsələn, Malta ilə oyunda qalib gələ bilərik. Burda da, səfərdə də 3 xal qazanmaq imkanımız var. Hərçənd ki, onlar da zəif deyillər”.
Təcrübəli mütəxəssisin fikrincə, Foqts məcburi istefaya göndərilməməlidir, AFFA İcraiyyə Komitəsinin iclasında ondan hesabat tələb olunmalıdır: "Məcburi yola salıb, nəyə görə ona bu qədər pul ödənilməlidir? Nə olsun ki, qarşısına Avro-2016-nın final mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyub. Bunu bacarmasa, öldürəcəklər onu? Baş məşqçilərin əksəriyyəti belə iddialı danışır. Elxan Məmmədov düz deyib: İcariyyə Komitəsinin iclası keçirilməlidir. Foqts iclasda belə uğursuzluğun səbəbini izah etməlidir. Amma bunu qovub pulunu vermək, sonra yenisini gətirib ona da maliyyə ayırmaq olmaz. Demokratik qaydada müzakirələr aparılmalı və eyni zamanda deyilməlidir ki, səndə alınmadı, vəssalam”.
Tuayev fikirlərini tam əsaslandırmaq üçün Rusiya millisində bir neçə il əvvəl Quus Hiddinklə bağlı yaranmış situasiyanı misal çəkib: "Hiddink yalançının biri idi. Söz vermişdi ki, dünya çempionatında 3-4-cü yerləri tutacaq, amma heç final mərhələsinə də vəsiqə qazana bilmədilər. Qaçıb gedəndə özündən sonra bir kağız da qoymadı. Onda da belə bir vəziyyət yaranmışdı. Biz məgər ruslardan da avamıq ki, bizi aldatsınlar? Foqts millinin final mərhələsinə vəsiqə qazanmaq iqtidarında olduğunu deyib, nəyə əsasən belə fikirləşir? Deyir ki, futbolçular zəifdir, uşaq futbolçuların hazırlığı qaydasında deyil, istedadlı deyillər. Elə isə nəyə əsasən final mərhələsindən dəm vururdu? Deyibsə, hər şeyin normal olacağını bilirdi. Bəs indi nəyə görə fikrini tam dəyişib?”
Elvin ƏHƏD