
AFFA-nın Lisenziyalaşdırma Qrupunun 2013-2014-cü il mövsümünə həsr olunmuş hesabatında Avropa və Azərbaycan klublarının xərcləri də müqayisə olunub. Sportnet.az-ın məlumatına görə, qitə klublarının toplam məxarici 15,2 milyard avrodur.
Avropa klublarının ümumi xərclərinin 52%-i futbolçuların əmək haqqılarına sərf olunur. Azərbaycanda isə bu rəqəm cəmi 12 % təşkil edir.
İnzibati işçilərin əmək haqqına sərf olunmuş vəsaitin nisbəti Avropa və Azərbaycanda eynidir - 13 %. Əməliyyat işlərinə Avropada gəlirin 36%-i xərclənirsə, ölkəmizdə bu göstərici 12 %-dir.
Diqqət çəkən məqam isə ondadır ki, Avropada klubların ümumi xərclərinin 7 %-i sair işlərə sərf olunduğu halda, Azərbaycanda bu rəqəm 63 %-dir.
Qeyd edək ki, UEFA-nın "maliyyə feyr-pley"inin tələblərinə əsasən, klubların əmək haqqı xərcləri ümumi xərclərin yarıdan çoxunu təşkil etməlidir. Avropada bu prinsipə əməl olunsa da, ölkəmizdə futbolçuların əmək haqları çox aşağı məbləğdə göstərilir. Bunun nəticəsində əmək haqqı göstəricisi Avropadan 4 dəfədən də aşağı olur. Əvəzində real əmək haqqı sair xərclər adı altında gizlədilir və yekunda Avropadan 9 dəfə çox - 63 %-ə çatır.