
Moldova milli komandasının sabiq futbolçusu Valeri Onile 5 il öncə Azərbaycan futbolunda baş vermiş danışılmış oyunla bağlı şok fakt açıqlayıb. Sportnet.az-ın məlumatına görə, "moldfootball.com"a müsahibəsində 35 yaşlı hücumçu "Turan"da çıxış etdiyi vaxt - 2009-cu il dekabrın 5-də "Neftçi"yə necə oyun satmalarından danışıb.
O, hadisəni belə nəql edib: "Bəli, mən də danışılmış oyunda iştirak etmişəm. Hadisə Azərbaycanda olub. Bizim komandaya "Neftçi"nin sabiq məşqçisi (Nizami Sadıqov - red.) rəhbərlik edirdi. Tovuza isə onun keçmiş klubu qonaq gəlmişdi. Rəqib çempionluq uğrunda mübarizə aparırdı. Bizə deməmişdilər ki, oyunu vermək lazımdır. Amma start heyəti, yumşaq desək, təəccüblü idi. "11-lik"də əvəzedicilər və demək olar ki, əsas komandada ehtiyatda qalanlar yer almışdı. Ən maraqlısı da odur ki, ilk yarıdan sonra 2:0 hesabı ilə öndə idik. Fasilə vaxtı paltardəyişmə otağına girərkən, baş məşqçimizi qəmgin gördük. O, bizə dedi: "Uşaqlar, kömək edin ki, uduzaq. Amma heç bir mükafat olmayacaq". Yekunda 2:3 hesabı ilə uduzduq. Əlbəttə, tribunalar bizə kəskin etirazlarını bildirdilər. Ehtiyat oyunçular skamyasındakı təcrübəli futbolçular bu "şou"da iştirak üçün meydana çıxmaq istəmirdilər. Onlar birbaşa meydanın kənarında məşqçi ilə söyüşürdülər. Həmin vaxt mən matçın sonlarında meydana girmişdim".
Qeyd edək ki, qalmaqallı qarşılaşmada "Turan" ilk yarını Oleq Xromtsov və Cavid Tağıyevin qolları ilə öndə başa vurub. Lakin fasilədən sonra "Neftçi" "fəallaşıb" və Adrian Neaqanın "dubl"u, eləcə də Dmitri Kruqlovun "dəqiq zərbəsi" sayəsində qələbəyə nail olub. Bu qələbə həmin vaxt pis vəziyyətdə olan flaqmanın ilk "6-lığ"a düşməsində böyük rol oynayıb.