Bakının AZAL klubu Topaz Premyer Liqasının XII turunda "Qəbələ" ilə oyunun hakimliyinə rəsmən etiraz edib. Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.
Onun sözlərinə görə, baş hakim Ömər Paşayevin idarəçiiyindən narazılıqlarını matçın protokolunda yazıblar. Bununla yanaşı, AZAL rəsmisi sabah Peşəkar Futbol Liqasına məktubla şikayət edəcəklərini bildirib: "Biz hesab edirik ki, baş hakim komandamıza qarşı ədalətsiz qərarlar qəbul etdi. "Qəbələ"nin ikinci qolunda rəqib futbolçu topu əllə saxlayıb qarşısına atdıqdan sonra tora göndərdi. Qapımıza 3-cü qolun vurulduğu epizodda isə penaltidən söhbət gedə bilməzdi. Hətta rəqibin birinci qolundan öncə oyunçumuza qarşı kobudluq edilmişdi. Bunlardan əlavə, sarı vərəqə və cərimə zərbələri düzgün verilmədi".
Qeyd edək ki, AZAL - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 3:3.