Topaz Premyer Liqasında XIII turun "Xəzər Lənkəran" - "Neftçi" matçını hər iki komandanın azarkeşləri izləyib. Sportnet.az-ın məlumatına görə, AFFA İntizam Komitəsinin qonaq komanda fanatlarının iştirakına qoyduğu qadağaya "Dalğa Arena"da keçirilmiş oyunda əməl olunmayıb.
Əslində tribunalarda yalnız nominal meydan sahibi "Xəzər Lənkəran"ın tərəfdarları yer almalı idi. Lakin oyunu izləyənlər arasında "Neftçi"sevərlər də olub. Onlar Mirhüseyn Seyidovun son dəqiqə qolundan sonra sevinclərini açıq-aşkar büruzə verərək, müxtəlif şüarlar səsləndiriblər.
"Xəzər Lənkəran" azarkeşləri isə oyundan sonra şikayətlərini polislərə və jurnalistlərə çatdırıblar. Həmkarlarımızdan "Neftçi" fanatlarının İntizam Komitəsinin qərarına zidd addım atmalarını qabartmalarını istəyən cənublu tərəfdarlar asayiş keşikçilərinə "Onları niyə buraxmısınız?" sualını ünvanlayıblar. Polislər isə bu məsələyə özlərinin yox, stadion rəhbərliyinin cavabdehlik daşıdığını bildirib.
Qeyd edək ki, oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.