
"Qarabağ" klubunun və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov "Neftçi" ilə Topaz Premyer Liqasının XV tur matçından sonra jurnalistlərə müsahibə verib. Təcrübəli müdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- Oyun haqqında nə deyə bilərsiniz?
- Oyuna ehtiyatlı başladıq. Fikrimcə, nəticə oyuna görə oldu. Bu, pis nəticə deyil. Bu gün "Neftçi”dən bir xal almağımız yaxşı nəticədir.
- Əvvəllər deyirdiniz ki, hələ İtaliya "İnter"i ilə oyunu yox, çempionat qarşılaşmalarını düşünürük. Amma artıq "İnter”lə oyundan danışmaq da olar, düşünmək də...
- "Sent-Etyen”dən sonra çempionatda iki ağır oyunumuz var idi, düşünməyə vaxtımız yox idi. Məncə, bunun bizim üçün bir az faydası oldu. Amma bundan sonra məcburi düşünəcəyik, "İnter”lə oyunu düşünəcəyik. Aydın məsələdir ki, bizi ciddi oyun gözləyir. Ağır olacaq. Hələ gör çempionat oyunlarında nə qədər çətin olur qələbə qazanmaq. O ki, qaldı "İnter”lə qrup mərhələsində oynamaq. Təbii ki, çətin olacaq. Allahın köməyi ilə, əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
- Deyilənlərə görə, "İnter” Bakıya əsas heyətini gətirməyəcək...
- Bilirik, bu barədə informasiyamız var. Düşünürük ki, gətirməmələri daha pis ola bilər. Oynamayanlara şans versələr, onlar özlərini baş məşqçiyə göstərmək üçün daha həvəsli, daha aqressiv olacaqlar. Nə də olsa, istər 1-ci heyət olsun, istər 2-ci heyət olsun, bizi çox ağır oyun gözləyir. Bilirsiniz ki, bizdə də itkilər var. Reynaldo, Çumbinyo yoxdur. Çempionatda Emeqara oynayır, o da olmayacaq. Yəni, bizim də itkilərimiz var. Çətin, ağır oyun olacaq.
- Təzyiq hiss olunurmu?
- Yenə qeyd edirəm ki, "Simurq” və "Neftçi” ilə ağır oyunlarımız var idi deyə, üstümüzdə çox da təzyiq yox idi. Fikirlərimizi oyunlara vermişdik. Bundan sonra, təbii ki, təzyiq olacaq. Bunu "Dnepr”lə oyunda özünüz də hiss etdiniz. Öz azarkeşlərimiz qarşısında oynayacağıq. Onun bəlkə bu dəfə bizə ziyanı ola bilər. Təzyiq olacaq, uşaqlar azarkeşlər qarşısında daha məsuliyyətli oynayacaqlar. Amma hamımız səbrli olmalıyıq. Allaha təvəkkül deyib gözləməliyik ki, oyun necə olacaq.
- Bu matça Rəşad Sadıqov üçün karyerasının ən önəmli oyunu demək olar?
- Önəmli matçdır, amma ən önəmli matçlarımız millidə olur. Klubda isə "Tvente” ilə cavab oyunu çox önəmli idi. İlk dəfə qrup mərhələsində oynayacaqdım. Millidə çox önəmli oyunlar olub. Türkiyə kimi komandalara qarşı oyunlar kimi. Bu da indi önəmli qarşılaşma olacaq. Görək, nəticə necə olacaq. Hamımız üçün önəmli oyundur.
- Robert Prosineçkinin milli komandaya təyinatı artıq rəsmiləşib. Bu təyinat barədə hansı fikirdəsiniz?
- İlk növbədə, ona uğurlar arzulayıram. Fikrimcə, yığmadakı işi uğurlu alınacaq. Özünüz də görürsünüz açıqlamalarından, danışıqlarından, oyunlara gəlməyindən. Bütün oyunçuları diqqət mərkəzində saxlayır və komandamızı daha çox hücumameylli futbol oynamağa çalışdıracaq. Fikrimcə, bunlar bizim yığma üçün irəliyə atılan addımlar olacaq. Hər şeyi gələcək göstərəcək, asan olamayacaq. Çünki milli səviyyəsində oyunlar çox ağır olur, qruplarda güclü rəqiblər olur. Bu dəfə qrupumuz çox güclüdür. Asan olmayacaq. Məncə, səbrli olsaq, sonda lazım olan nəticəni əldə edəcəyik.
- "Kayserispor”da çıxış etmisiniz. Dost-tanışlarınızdan Prosineçki barədə məlumat öyrənmisiniz?
- Tanışlarımdan yox, ümumiyyətlə, keçmişdə çıxış etdiyim klubların çıxışlarınızı həmişə nəzərdə saxlayıram. Prosineçkinin "Kayserispor"da baş məşqçi olduğu dövr yadımdadır. Komanda yaxşı oyun nümayiş etdirirdi, baxımlı futbol oynayırdı, amma bir balaca uğursuzluqlar olurdu. Çoxlu qol epizodlarından yararlana bilmirdilər, məğlub olurdular. Bu amil sonda nəticəyə təsir etdi. Ümumən, bilirəm ki, məşqçilər də, rəhbərlik də, futbolçular da ondan çox razı idi.
- Sonda "Neftçi" ilə matçda zədələnən Bədavi Hüseynovun durumunu soruşmaq istəyərdik. Çünki bayaq axsayırdı...
- Bədavi ağrıya dözümlü futbolçudur. Mən ilk dəfə gördüm ki, oyundan çıxanda ayağını çəkir. Yəqin ki, qarşıdakı günlərdə durumuna aydınlıq gələcək.
Məcid HƏSƏNLİ