"Neftçi"nin futbolçusu Denis Silva "Qarabağ"la Topaz Premyer Liqasının XV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, braziliyalı müdafiəçi oyunun çətin keçdiyini və hər iki komandanın sonadək mübarizə apardığını bildirib.
Onun fikrincə, matç azarkeşlər üçün də maraqlı alınıb: "Təbii ki, bizə xal fərqini azaltmaq üçün qələbə daha vacib idi, amma alınmadı. Ardıcıl 3 matçdır heç-heçə edirik. Bu oyunlarda çoxlu imkanımız olsa da, yararlana bilməmişik. Biz oyunu hiss etmək istəyirik. Ona görə də, bəzi şeylər istədiyimiz kimi alınmır. Çox çalışsaq da, bəxt üzümüzə gülmür. Qarşıda hələ çox oyunlarımız var. Turnir cədvəlində birinci yerə keçmək üçün imkanımız olacaq. Hər şey bizdən asılıdır".
Təcrübəli futbolçunun sözlərinə görə, "Neftçi" "Qarabağ"ı məğlub etməli idi, amma futbolda hər zaman istənilən nəticəni qazanmaq olmur. Silva rəqibin hücum xəttindəki Vüqar Nadirovla zədəli Reynaldonu da müqayisə edib. Onun fikrincə, braziliyalı qolçu daha çox mübarizə aparır: "Vüqar fərqli futbolçudur. Bir neçə oyununu izləmişəm. Onun arxasınca danışmaq istəmirəm. Bəlkə də bu gün oyunu alınmadı".
"Sambaçı" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki son matçında İtaliya "İnter"inə qarşı şanslarını da dəyərləndirib: "Qarabağ” yaxşı komandadır. "İnter”ə qarşı oyunda çalışsa və mübarizə aparsa, istədiyi nəticəni qazanacaq. Düşünürəm ki, Azərbaycan təmsilçisi mərhələni keçəcək".
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçında hesab açılmayıb.