Topaz Premyer Liqasının XVIII turunun və 2014-cü ilin son oyununda AZAL-la 1:1-lik heç-heçə edən "Xəzər Lənkəran"ın syerre-leoneli yarımmüdafiəçisi Alfred Sankonun Sportnet.az-a müsahibəsi...
- AZAL-la matçda niyə qalib gələ bilmədiniz?
- Nəticə baxımından çox pis oldu. Çünki biz AZAL-ı məğlub edə biləcək gücdə idik. 3 xalı qazanmaqla ili xoş təəssüratlarla başa vura bilərdik. Amma bunu bacarmadıq. Çox pisəm.
- Heyətdəki itkilərə görə nəticəni normal saymaq mümkündü?
- Yox, doğma azarkeşlər önündə oynayırdıq. AZAL kimi komanda ilə ev oyununda qalibiyyət lazım idi. Mən çox əsəbiyəm. Düzdü, bəzi oyunçularımızı itirmişdik, amma bu, nəticənin belə olmasına haqq qazandırmır.
- Mövsümün ilk yarısını komandanız üçün necə dəyərləndirirsiz?
- İstədiyimiz kimi olmadı. Biz iddialı idik, lakin qazandığımız nəticə fikirlərimizlə düz gəlmir.
- Maliyyə problemləri nəticələrinizin pis olmasında nə qədər rol oynadı?
- Düşünürəm ki, çox rol oynadı. Son oyunların nəticələrinə isə birbaşa təsir etdi.
- Sizcə, mövsümün ikinci yarısında "Xəzər Lənkəran" iddialı ola biləcək?
- Bu təbii ki, vəziyyətin düzəlməsindən asılıdı. Hər şey yaxşıya doğru getsə, o zaman biz birincilik üçün oynaya bilərik. Amma indiki vəziyyətdə bu, mümkün deyil.
- Komandada qalıb-qalmayacağınıza nə vaxt aydınlıq gələcək?
- Hər şey yəqin ki, qış təlim-məşq toplanışının başlamasından sonra bilinəcək. İnanıram ki, burada qalacağam.