Bakının "Olimpik" (indiki AZAL) və Gəncənin "Kəpəz" klublarının sabiq futbolçusu, hazırda Qazaxıstan "Atırau"sunda çıxış edən Dmitri Parxaçovun Sportnet.az-a müsahibəsi
- "Olimpik" klubunda çıxış etdiyiniz dövrdən hansı xatirələriniz qalıb?
- Yalnız xoş xatirələrim qalıb. Həmin vaxt yaxşı mövsüm keçirmiş, ikinci yeri tutmuşduq. Bakıda keçirdiyim günləri müsbət emosiyalarla yada salıram. Eyni sözləri Bakı barədə də deyə bilərəm. Paytaxtınız çox gözəl şəhərdir. Mənim xoşuma gəldi. O vaxtlar "Olimpik"də menecer, indi isə FİFA meneceri kimi çalışan Vaqif Heydərli ilə çox yaxşı münasibətlərimiz qalıb. Hələ də onunla ünsiyyətdəyik. Amma xüsusi xatırlayacağım epizod yoxdur. Məni tanıyan hər kəsə salamlarımı çatdırıram.
- Bəs klubla yollarınızı niyə ayırdınız?
- Bilmirəm. Elə alındı ki, Qazaxıstana yollandım. Məşqçilər heyətinin qərarı ilə komandaya yeni uşaqlar gəldilər. Mənimlə isə əməkdaşlığı davam etdirmək istəmədilər. 3 ildən sonra - yenidən Azərbaycana döndüm və "Kəpəz"də bir il çıxış etdim.
- 2007-2008-ci il mövsümündə "Olimpik"lə çempionluğu son turda əldən verdiniz...
- Bəli, "Qarabağ"la oyunda bizi heç-heçə də qane edirdi. Sonuncu dəqiqədə uzaq məsafədən zərbə ilə elə bir qol buraxdıq ki, cavabını verə bilmədik. Hərçənd, Yaşar Abuzərovun fərqlənmək şansı var idi. Amma o, son anda faktiki boş qapıya topu göndərə və bizi xilas edə bilmədi. Necə deyərlər, nə baş verirsə, Allahın iradəsinə bağlıdır. Deməli, belə lazım idi və kimsə çempionluğa bizdən daha çox layiq idi.
- Amma vitse-çempion olduğunuz mövsüm barədə müxtəlif söz-söhbətlər də dolaşmağa başladı. Bəzi oyunları futbolçuların əmək haqlarından yığılan pulla aldığınızı deyənlər də var idi...
- Mənim bunlardan xəbərim yoxdur. Əksinə, həmişə təmiz oynayırdıq və heç bir gizli sövdələşmə hiss etməmişdim. Udduğumuz və ya uduzduğumuz oyunları vicdanla keçirirdik. Danışılmış oyun yox idi.
- Həm də "Olimpik"in antifutbol oynadığı bildirilirdi. Bunu nə ilə izah edərdiniz?
- Biz, sadəcə, nəticəyə oynayırdıq. Nəyə görə bundan imtina etməli idik? Oyunumuzu müdafiədən qururduq. "Neftçi", "Xəzər Lənkəran", "İnter" kimi komandalarla açıq futbol oynamağı özümüzə rəva görə bilməzdik. Buna görə də müdafiə taktikasından irəli gələn oyun sərgiləyirdik. Baş məşqçimiz Əsgər Abdullayev müdafiədə taktiki düzülüşümüzü düzgün qurmuşdu. Buna görə də əks-hücumlardan yararlanırdıq. Bu alındıqda, rəqib müdafiəsini yararaq, qol vururduq. Əlbəttə, bu, kiminsə xoşuna gəlmirdi. Yolu kəsən avtobusu kim bəyənər? Bu taktika nəticə verdiyindən, heç kim ondan imtina etmirdi. Az qala çempion olacaqdıq...
- Sonrakı mövsümlərdə AZAL-a çevrilən komandanın ən yüksək nəticəsi 4-cü yer oldu. Necə düşünürsünüz, gümüş medal qazanan heyət qalsaydı, çempionluq əldə edə bilərdi?
- Bunu deyə bilmərəm. Məşqçilər heyəti hər şeyi daha aydın görürdü. Görünür, onlar komandaya daha yaxşı oyunçuların gələcəyini düşünürdülər. Başımızdan yüksəyə tullanaraq, vitse-çempion olduğumuz mövsümdən sonra daha aşağı nəticə göstərməyimiz bəlkə də qanunauyğunluq idi. Bu suala cavab vermək mənə çətindir. Çünki növbəti mövsümdə Azərbaycanda çıxış etmirdim.
- "Kəpəz"dən başqa təklif göndərən olmadı?
- Konkret təkliflər yox idi. O vaxtdan elə Qazaxıstandayam. "Ordabası", "Tobol" və "Kaysar"da çıxış etdikdən sonra "Atırau"ya keçdim.
- "Atırau" Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına qarşı ikinci heyətlə və gənclərlə çıxış etdi. Sizin də bu heyətdə yer almağınızın səbəbi nədir?
- Mən bu yaxınlarda dizimdən əməliyyat olunmuşam. Cəmi bir həftədir məşqləri bərpa etmişəm.
- Qazaxıstan və Azərbaycan çempionatlarının səviyyəsini müqayisə edə bilərsiniz?
- Ümumi götürsək, hər iki çempionatın səviyyəsi eynidir. Bir-iki komanda var ki, turnir cədvəlinin üst pillələrindədir, texnikalı, kombinasiyalı və gözəl oyun sərgiləyir. Amma elələri də var ki, belə komandalarla oyunlarda müqavimət göstərməyə can atır. Eşitdiyimə görə, Azərbaycanda komandaların sayı azalıb, 9-u qalıb. Praktik olaraq, Bakı çempionatı alınıb (gülür - red.). Amma məsələ bunda deyil. Azərbaycanda daha texnikalı futbolçular varsa, Qazaxıstanda taktikaya daha çox üstünlük verilir. Düzdür, bizdə də texnikalı futbol oynanılır. Amma ölkənizdə topu idarə etməyi daha çox sevirlər.
- Bəs U-21 yığmamız Sizdə necə təsir bağışladı?
- Yaxşı komandadır. Uşaqlar gəncdirlər, onlar da topla yaxşı davranırlar, texnikalıdırlar. Gələcəklərinin olduğu görünür. Təki hər şey alınsın. Yığma komandanıza uğurlar arzulayıram.