
Bakının "İnter" klubunun futbolçusu Elvin Məmmədovun Sportnet.az-a müsahibəsi
- "Bakı"nı 2:1 hesabı ilə yendiyiniz oyun barədə nə deyə bilərsiniz?
- İlk olaraq komandamızı təbrik edirəm. Bu oyunda qələbə bizim üçün vacib idi. Buna da nail olduq.
- Keçmiş komandanıza qarşı bir zamanlar doğma olan stadionda oynamaq necə hiss bağışladı?
- Bəli, "Bakı" keçmiş komandam olub. Ancaq futbolçu üçün fərqi yoxdur. Sadəcə, klubun bu vəziyyətdə olması acınacaqlıdır. Hafiz Məmmədovun yenidən əvvəlki imkanları ilə "Bakı"nın başına qayıtmasını istəyirəm.
- "Bakı" yaxşı vəziyyətdə olmasa da, matçda çox inamlı çıxış etdi. Ümumiyyətlə, komandanın gənc futbolçuları barədə nə deyə bilərsiniz?
- Əlbəttə, hazırkı heyət çox əzmkardır. Son dəqiqəyə qədər mübarizə apardılar. Komandada yaxşı futbolçular var. Sadəcə, onlara zaman lazımdır. Futbolda maliyyə önəmlidir. Maddi vəziyyət yaxşı olanda futbolçu başqa şeylər düşünmür, ancaq oyunu üzərində çalışır. Dua edirəm ki, Hafiz Məmmədov yenidən "Bakı"ya qayıtsın və həmişə Azərbaycan futboluna töhfələr versin.
- Qarşıdan daha çətin, "Neftçi" ilə kubokun cavab oyunu gəlir...
- Optimist düşünürəm. Futbolda hər şey mümkündür. Düzdür, kubok oyununda rəqib üçün 2:0 hesablı üstünlük yaxşı nəticədir. Ancaq bu, futboldur. Meydana çıxıb var gücümüzlə mübarizə aparacağıq. Çünki biz kubokda yolumuza davam etmək istəyirik.
Röya KƏRİMLİ