"Bakı" klubunun futbolçusu və Azərbaycan Premyer Liqasının bombardiri Nurlan Novruzovun Sportnet.az-a müsahibəsi...
- Ölkədən kənara çıxmağına qadağa qoyulduğu üçün Azərbaycan milli komandasına çağırılmamağın və fevralda Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına aparılmadığına dair xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
- Bunların hamısı şayiələrdir. Hər kişinin başına gələn avtomobil qəzası törətmişəm. Bu, 2 il öncə olub. Maşın-maşına dəyib, amma deyirlər ki, adam vurmuşam (gülür - red.). Sadəcə, gülməlidir.
- Səni xaricə buna görə buraxmırlar?
- Hadisədən sonra sürücülük vəsiqəmdən bir il müddətinə məhrum edilmişəm. Artıq cəza müddəti də başa çatıb. Ölkədən çıxmağıma qadağa qoyulmasına gəlincə, görəsən, yayda gedəndə hansı şayiələr çıxacaq? Bax, bunu fikirləşirəm.
- Axı maşın-maşına dəyəndə sürücülük vəsiqəsindən məhrumetmə cəzası verilmir...
- Günah məndə olmuşdu. Tələsdiyim üçün gözləmədim, ana yola girənde qarşıdakı maşını vurdum. Cinayət işi isə rüşvət vermədiyim üçün açıldı. Çünki belə şeyləri xoşlamıram. Sonda vəsiqəmdən məhrum edildim. İnanıram ki, bir azdan "Nurlan əvvəllər adam öldürməklə məşğul imiş. Hələ maraqlıdır, başqa nə şayiələr çıxacaq...
- İstənilən halda, zədəli insan yoxdursa, maşını əzməyə görə vəsiqədən məhrumetmə cəzası verilmir. Yalnız bir halda verilə bilər ki, sürücü içkili halda yaxalansın...
- Elə isə necə düşünürüzsə, elə də bilin, amma adam vurmaq, adam yaralamaq kimi şeyləri yazanda, əldə dəlillər olmalıdır. Kimlərsə mənə şər atdıqları halda, onu yazmaq düzgün deyil.Belə xəbərlərdən hələ çox yazılacaq. Mövsümün sonuna 5 oyun qalıb. Paxıllar bir az da dözsünlər, sonra çıxıb gedəcəyəm, rahat olsunlar.
- Siz əsl həqiqəti demədiniz. Maşın digər avtomobili vurubsa, ölüm-itim halları yoxdursa, sürücü vəsiqəsindən məhrum edilmir.
- Hər şeyi mətbuata çıxarmaq olmur. Çünki bu şayiəni ortaya atanlar o sözlərdən də nə isə çıxaracaqlar. Məgər bilmirsiniz ki, 2 il əvvəl olmuş hadisəni indi ortaya çıxarmaqda hansısa məqsədlər var?
- Təbii ki, hərənin bir məqsədi ola bilər. Amma sən əsl həqiqəti deməlisən...
- Keçmişi açmağa nə ehtiyac var? Bəli, əvvəllər içki də içmişəm, cavanlıq da etmişəm. Amma indi, şükür Allaha, düz yoldayam. Bəziləri isə əldə etdiyim uğurlara kölgə salmaq istəyir. Allah böyükdür, nə istəyirlər, etsinlər.
- Məgər avtomobil qəzası vaxtı içkili idiniz?
- Demək olmaz ki, heç özümdə deyildim. Sadəcə, orqanizmimdən bir az spirt aşkarlandığından, vəsiqəm 1 illik cəzalandı. Adam vurmağa gəlincə, əgər vurmuşamsa, qoy, gəlib aparsınlar. Hələ belə şeylər çox yazılacaq. Amma mən heç kimi vecimə almayacağam.
- Qəzaya düşdüyün vaxt "Bakı" klubunun prezidenti Hafiz Məmmədov maddi kömək etmədi?
- Mən heç vaxt heç kimə ağız açmamışam, elə ona görə də həmişə tənqid olunuram. Hazırda fikrim qollarımı davam etdirib, sonda gülən tərəf olmaqdan ibarətdir. Amma kimlərsə başımı belə işlərə qatmaq istəyir. Niyə bunu 2 il qabaq, ya da çempionat başlayanda ortaya atmırdılar? Ötən dəfə "Sumqayıt"la oyun öncəsi şayiələrlə əhvalımı korladılar. İndi də bu... Yox, daha heç nə vecimə deyil.
- Milli komandaya gəlişinə qoyulan qadağa da maşınla adam vurduğun üçündür?
- Ölkədən kənara çıxa bilmirdimsə, yəqin, ölkə daxilinə də "stop" qoyublar. Belə şeylərə baş qoşmayacağam. Səviyyəsini aşağı salan insanlara qoşulub o səviyəyə enməyəcəyəm.