
"Neftçi" klubu futbolçu Karloz Kardozonu cəzalandıracaq. Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Arif Əsədov məlumat verib.
Onun sözlərinə görə, səbəb braziliyalı müdafiəçinin sınaq dövründə yenidən qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoymasıdır. Bu, Azərbaycan Premyer Liqasında XXXI turun "Qarabağ"la oyununa təsadüf edib. Həmin matçda "sambaçı" ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə AFFA İntizam Komitəsi onun 2 oyunluq şərti cəzasını yeni cəzaya əlavə edərək qüvvəyə mindirib. İndi Kardozo yalnız son turda meydana çıxa biləcək. 
Əsədov bildirib ki, İntizam Komitəsinin qərarı klubdaxili iclasda müzakirə olunacaq. Baş məşqçi toplantıda Kardozoya qarşı daxili intizam kodeksi çərçivəsində tədbir görüləcəyini bildirib. Lakin o, cəzanı açıqlamaq istəməyib. 
Qeyd edək ki, "Neftçi" "Qarabağ"la matçda məğlub olub - 2:3. 









                 





    
    
    
    
    
    
    
    
    





















































