
"Neftçi" klubunun yeni kapitanı Araz Abdullayev "Bakı" ilə qolsuz nəticələnən Azərbaycan Premyer Liqasının XXXV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "Bakı"nı yenə bilmədiyiniz oyunu necə dəyərləndirərdin?
- Qalib gələrək, turnir cədvəlində xal ehtiyatımızı artırmaq istəyirdik. Amma heç-heçə qeydə alındı. Hər iki komandaya uğurlar arzulayıram. Çempionatın sonlarıdır. Biz indi iyunun 6-da "Qarabağ"la keçirəcəyimiz Azərbaycan Kubokunun final matçına köklənməliyik.
- Bu gün qələbə üçün nə çatmadı?
- Sonuncu ötürmələrdə topla ləng davranırdıq. Ötürmələr dəqiq olsaydı, qalib gələ bilərdik.
- 3-cü pillədəki "Qəbələ"dən komandanızı 3 xal ayırır. Sonuncu turda bu fərqi aradan qaldırmaq çətin görünür. Demək olarmı ki, artıq "Neftçi" üçün bürünc medal yox, kubokun finalı daha önəmlidir?
- Əlbəttə, indi daha çox kubok matçına köklənmişik.
- Komandanın kapitan sarğısını daşımağınız məsuliyyət hissinizi artırmır?
- Artırır. Amma mənim üçün kapitanlığın fərqi yoxdur. Hər hansı oyunçu da bu sarğını daşıya bilər. Qismət belə oldu. Əsas məsələ isə komandanın uğurudur. Kapitanın kimliyinin fərqi yoxdur.
- Bu yaxınlarda seriala çəkilməyin maraqla qarşılanıb. Necə oldu ki, belə bir təklif aldın?
- Mənim tanışlarım var, onlar dəvət etdilər. Heç özüm də belə bir dəvəti gözləmirdim. Getdim ora. Seriala çəkilməyi təklif etdilər. İmtina edə bilmədim. Məncə, burada qəbahət bir şey yoxdur.
- Heç olubmu ki, Araz Abdullayevə adi həyatda 250 manat hesab oxusunlar?
- Xeyr, belə hal baş verməyib. Bu, sadəcə, serialdır.
- Verdiyin ən yüksək hesab nə qədər olub?
- Burada müzakirə açmayaq (gülür - red.). Hər halda tək yemək yeyəndə o qədər ödəməmişəm.
- Gələcəkdə film və ya seriala dəvət alsan, qəbul edərsən?
- Qardaş, indi biz "Qarabağ"la final matçına köklənirik. Belə mövzular qalsın gələcəyə. Gələcəkdə belə şeylər olsa, danışarıq.