
İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında Azərbaycanın daha bir boksçusu yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən Səidcəmşid Cəfərov da 1/4 final mərhələsini adlamağı bacarıb.
Özbəkistan əsilli 26 yaşlı boksçu 1/4 finalda Ukrayna təmsilçisi Pavlo İlliuşaya ilk raundda uduzsa da, növbəti iki raundda üstün olaraq, yekunda qalib gəlib - 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28).
Cəfərov yarımfinalda keçmiş həmyerlisi, Özbəkistan millisinin üzvü Fazliddin Erkinboyevlə üz-üzə gələcək.
Bundan əvvəl Azərbaycanın daha bir təmsilçisi Alfonso Dominges (90 kq) də adını yarımfinala yazdırıb. Kuba əsilli boksçu yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq.
Beləliklə, Azərbaycan millisinin dünya çempionatını 2 medalla başa vuracağı dəqiqləşib. Cəfərov və Dominges ən azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, yarımfinal görüşləri 12 sentyabrda, finallar 13 sentyabrda keçiriləcək.