Azərbaycan taekvondoçusu Fəridə Əzizova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un məlumatına görə, qadınlar arasında 67 kq çəki dərəcəsində yer alan Əzizova bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub.
O, müvafiq olaraq, makedoniyalı Petra Matiyaseviç (4:1), ukraynalı Tatyana Teterevyanikova (3:0) və sloveniyalı Franka Aniç (1:0) üzərində inamlı qələbələr qazanaraq, finala çıxıb. O, həm də ikinci dəfə olimpiadada iştirak hüququna yiyələnib. Həlledici görüşdə də əzmkar mübarizə aparan Əzizova Almaniyalı Rabia Güleçi qızıl xalla yenərək, turnirin qalibi olub.
Bu, 2015-ci ilin dekabr ayında Radik İsaevin 80 kq-dan yuxarı çəki dərəcəsində qazandığı lisenziyadan sonra Rio-2016-ya taekvondo üzrə ikinci, ümumilikdə 30-cu vəsiqədir. Yanvarın 17-də Azərbaycanın daha iki təmsilçisi - Patimat Abakarova (49 kq) və Milad Beigi Hərçəqani (80 kq) də lisenziya uğrunda mübarizə aparacaq.