Azərbaycanın Olimpiya tarixində yeni səhifə açılıb. Sportnet.az-ın məlumtaına görə, ölkəmiz Yay Olimpiya Oyunlarında ilk dəfə finalda 7 idmançı ilə təmsil olunub. Bu, başa çatmaqda olan "Rio-2016" olimpiadasında reallaşıb.
Finala çıxanlardan ilk 3 nəfər - cüdoçularımız Rüstəm Orucocla (73 kq) Elmar Qasımov (100 kq) və qadın sərbəst güləşçimiz Mariya Stadnik (58 kq) uduzaraq gümüş medalçı olublar. İlk çempionluq dünən taekvondodan gəlib. 80 kq çəkidən yuxarıda mübarizə aparan Radik İsayev finalda qalib olaraq həm özü ilk dəfə Olimpiadada qızıl medal qazanıb, həm də bu idman növündə ilk dəfə Olimpiya çempionu olduq.
Bu gün isə döyüş növlərində daha 3 idmançımız finalda yarışacaq. Sərbəst güləşçilərimiz Toğrul Əsgərovla (65 kq) Xetaq Qazyumov (97 kq) və əslən Kubadan olan boksçumuz Lorenzo Sotomayor (64 kq) Olimpiya çempionluğu uğrunda həlledici görüşə çıxacaqlar. Finalçılarımızdan yalnız Stadniklə Əsgərov 2-ci dəfə buna nail olublar. Mariya yenə gümüş mükafatçı olubsa, Əsgərov elə ilk cəhdində qızıl medal qazanmışdı. O, yenə qalib olarsa, titulunu qorumuş olacaq.
Azərbaycan bunadək ən çox finalda ötən Olimpiadada təmsil olunub. Bu, "London-2012"də 4 idmançımız olub. Onlardan sərbəst güləşçilərimiz Toğrul Əsgərovla (60 kq) Şərif Şərifov (84 kq) çempionluğa yilələniblərsə, Mariya Stadniklə (48 kq) yunan-Roma güləşçimiz Rövşən Bayramov (55 kq) finalda uduzaraq gümüş mükafat qazanıblar.
Qeyd edək ki, "Rio-2016" daha bir gümüş medalçımız kayaqçı Valentin Demyanenkodur. Ancaq fərq ondadır ki, 1 nəfərlik qayıqda 200 metr məsafəyə yürüşdə 2-ci olan milliləşən ukraynalı idmançının final mərhələsində rəqibi 1 yox, 7 nəfər olub.
Mehman Süleymanov