
İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İlin qalibləri-2016" layihəsi çərçivəsində "İlin idmançısı" nominasiyası üzrə qalib müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Azərbaycan taekvondoçusu Radik İsayevdir.
27 yaşlı idmançı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycana yeganə qızıl medalı qazandırdığı və ölkə yığmasının heyətində komandalararası dünya çempionatının qalibi olduğu üçün bu ada layiq görülüb. Sorğuda iştirak edən 57 idman jurnalistindən 35-i (61 faiz) ona səs verib. Cüdo üzrə Avropa çempionu Rüstəm Orucov 9, karate üzrə Avropa və dünya çempionu Rafael Ağayev 8, cüdo üzrə paralipiya çempionu Ramil Qasımov 3, qadın güləşi üzrə Avropa çempionu və olimpiya mükafatçısı Mariya Stadniklə boks üzrə olimpiya mükafatçısı Kamran Şahsuvarlı hərəyə 1 səs toplayıblar.
Qalibə mükafatı Fərid Mansurov təqdim edib.