Qapalı zallarda məşqlərə hələ də icazə verilməməsi idman ictimaiyyətinin nümayəndələrində etirazlar doğurmağa başlayıb.
Sportnet.az-ın məlumatına görə, ən sərt etiraz voleybol üzrə Azərbaycan millisinin sabiq meneceri və "Il Azero" şirkətinin rəhəri İlqar İmanquliyevdən gəlib. O, şəxsi "Facebook" səhifəsində idman zallarının yox, muzey və sərgi salonlarının açılmasından narazılığını ifadə edib:
"Çin, İtaliya, Cənubi Korea və s. kimi ölkələrdə artıq voleybol üzrə, bəli-bəli, düz eşitdiniz, məhz Covidin yarandığı və statistikalara inansaq, fəlakət qopardığı ölkələrdə, məhz kollektiv idman növləri üzrə qapalı zallarda ölkə çempionatları bərpa edilib, kubok yarışları oynanılır. Biz isə muzey açırıq, sərgi göstəririk. Əvəzində isə adətən orta-aşağı təbəqəyə aid olan, ailəsinə öz sağlamlığından keçərək idman zallarından bir tikə çörək aparan, ölkəmizi dünya arenasında LAYİQİNCƏ təmsil edən fəxrlərimizin böyük əksəriyyəti arvad-uşaq yanına üzü qara gedir. Heç fikirləşmisiniz bunları? Əsəb gedir, sağlamlıq gedir, ar gedir, abır gedir. İdman zalları virus mənbəyidirsə, İtaliya və Çini bunu düşünə bilməyəcək dərəcədə axmaqmı sanırsınız? Yoxsa bizmi dünyaya meydan oxuyan kitayozalardan, bambinolardan daha tədbirliyik?"
İmanquliyevin sözlərinə görə, milli komanda üzvləri taksi sürür, fəhlə işləyir, bacarmayanlar isə içkiyə qurşanırlar: "Kimisi arından, kimisi xəcalətindən. Bunu bu gün siz də qeyd edirsiniz. Amma bunu sadəcə qeyd etmək sizin xalqı düşünən, atletlərini sevən məmurlar olduğunuz anlamına gəlmir. Hardasınız federasiya rəsmiləri, niyə idmançıların adından, mənafeyindən çıxış etmirsiniz? Dövlətin ayırdığı pullarla federasiyalardan idmançısından çox maaş alan rəsmilər, axı siz o postu məhz bu gün ac və idmansız qalan atletlərə görə tutur, onlara görə maaş alırsınız. İdmançılar olmasa, nə sizə, nə də federasiyalara ehtiyac olacaq. Dağ boyda igidləri imkansızlıq bir yana, öz səssizliyiniz və vecsizliyinizlə yerin altına gömməyin. Allah sizi bağışlamaz! İdmançısını sevmək, Bayrağını, Vətənini sevmək deməkdir. Axi biz idman ölkəsiyik!"
Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev isə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində idman zallarının nə zaman açılacağı ilə bağlı sualın verilməməsindən narazılığını dilə gətirib. O, idmanın çökmək uzrə olduğunu vurğulayıb: "İstər yığma, istər sinif məşqlərinin bərpası çox ağır olacaq. Açıq havada yalnız ümumi fiziki hazırlıq məşqləri etmək mümkündür. 6 ay fiziki hazırlıq olmaz axı... Beynəlxalq yarışlara start verilsə, FİASKO sözündən başqa mövzu olmayacaq! Brifinq keçirənlər peşəkar idmandan xəbəri olmayan insanlardır. İdman dövlətimizi təmsil edən sütunlardan biridir. Ən azından muəyyən məhdudiyyətlər qoyulmaqla, qoruyucu tədbirlər görməklə zallar açılsin".
Qeyd edək ki, bu gün Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov bu gün nazirliyin rəsmi Facebook səhifəsində canlı bağlantıda olacaq.