Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında ən yuxarı çəki dərəcəsində təmsil olunmayacaq.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış etməli olan Uşangi Kokauri ötən gün axşam məşqində zədələnib. Yığmanın tibbi heyətinin qərarına əsasən o, heyətdən çıxarılıb.
Kokaurinin müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Əvəzində məşqçilər heyətinin qərarına əsasən, heyətə Azərbaycan millisinin üzvü, 81 kq çəkidə mübarizə aparan Elcan Hacıyev daxil edilib. O, millinin daha bir üzvü Daşkənddə Səid Mollayi ilə eyni çəkidə yer alacaq. Hacıyev sentyabrın 16-da Çexiyanın paytaxtı Praqada gənclər arasında Avropa çempionu olub.
Qeyd edək ki, dünya çempionatında fərdi yarışlar 6 - 12 oktyabrda, komanda yarışları isə 13 oktyabrda olacaq. Göprüşlər Daşkənddə yerləşən “Humo Arena”da baş tutacaq.