Azərbaycanın cüdo yığmaları 2023-cü ilin ortalarınadək Olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinə (keçmiş "Neftçibaza") köçəcəklər. Bu barədə Sportnet.az-a federasiyanın baş katibi Rəşad Rəsullu məlumat verib.
Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi ilə əldə olunmuş razılığa əsasən, əmlakdan birgə istifadə olunacaq: "Əmlak dövlətin balansında qalacaq. Digər olimpiya növləri də ehtiyac olduqda fəaliyyətlərini təmin edə biləcəklər. Amma təbii ki, əsasən cüdoya üstünlük veriləcək. Burada yeniyetmə, gənc, böyüklər və qadınlardan ibarət yığmalar məşq edə biləcəklər. Onların ixtiyarına 2 zal veriləcək. Bunlar yüksək səviyyədə beynəlxalq təlim-məşq toplanışlarını da təşkil etməyə imkan verəcək. Eyni zamanda idmançıların qalmaları üçün otel otaqları, sauna, həkim, masaj, fizioterapiya və psixoloq otaqları da olacaq. Bir sözlə, yığma komandaların fəaliyyətlərinin təşkili üçün bütün imkanlar yaradılacaq".
Təmir işlərinə yenicə başladıqlarını bildirən Rəsullu artıq cüdo məqşçilərinin də idman qurğusuna baxış keçirdiklərini söyləyib.
Qeyd edək ki, hələlik Azərbaycan cüdo yığması Bakı Olimpiya Stadionunda məskunlaşıb.