Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Tour de Ski yarışlarının üçüncü mərhələsində erməni xizəkçi Mixael Mixaelyanı cərimələyib.
Sportnet.az "Expressen" nəşrinə istinadən xəbər verir ki, səbəb yarış zamanı xizəkçinin idmançı geyiminin üzərində "Azerbaijan" yazılmış sözü skotçla örtməsi olub. Cərimənin məbləği açıqlanmayıb.
Mixaelyan insidentdən sonra bildirib: “Niyə bunu etdim? Bu, yalnız mən və hakimlər arasında qalacaq. Daha heç nə deyə bilmirəm".
O, həmçinin qeyd edib ki, belə hallar təkrarlanarsa, gələcək yarışlarda iştirakını yenidən qiymətləndirə bilər.
FIS-in müvafiq qurumları bildiriblər ki, loqonun görünməsi sponsorluq öhdəliklərinin bir hissəsi kimi nəzərdə tutulub. Xizəkçinin hərəkəti isə yarış qaydalarının pozulması kimi qiymətləndirilib. Qərar, minimal xəbərdarlıq səviyyəsindən daha ciddi tədbir kimi qəbul edilib.
Dünya çempionu və Ski Classics seriyasının qalibi Astrid Eire Slind isə deyib: “Mən əvvəl bunu bilmirdim… Bu qəribədir, amma yarış qaydalarına hörmət etməliyik".
İsveç milli komandasının baş məşqçisi Anders Büstrem də vəziyyəti belə şərh edib: “Hakimlərin qərarına hörmət etməliyik. Bu qərar yarış qaydaları çərçivəsində qəbul edilib və idmançılar buna əməl etməlidir".
İnsident İtaliyanın Toblach şəhərində baş verib və yarış zamanı xizəkçilərin formalarında loqoların görünməsi vacib tələb hesab olunur. FIS tərəfindən bu cür qaydalar sponsorluq və təşkilati öhdəliklərin yerinə yetirilməsi üçün tətbiq olunur.
Mixaelyan cərimə olunsa da, yarışlar plan üzrə davam edib və bu hadisə turnirin nəticələrinə təsir etməyib.
Xatırladaq ki, ötən ilin may ayında FIS Azərbaycan Dövlət Turizm Agentliyi ilə 5 illik sponsor müqaviləsi imzalayıb.













































































