Ermənistan yığmasının dağ xizəyi üzrə lideri Mikael Mikaelyan İtaliyada keçirilən dünya çempionatı zamanı formasındakı “Azərbaycan” yazısını bağladığı üçün cərimələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ermənistan Xizək Federasiyasının prezidenti Qaqik Sarqsyan açıqlama verib.
Hadisə dekabrın 31-də baş tutan yarış zamanı qeydə alınıb. Mikaelyan startdan əvvəl turnirin əsas sponsorunun adını skotçla örtüb. Yarışın texniki qaydalarının pozulması səbəbindən idmançı barəsində intizam tədbiri görülüb və ona maliyyə sanksiyası tətbiq olunub.
Sarqsyan bildirib ki, federasiya idmançıya tətbiq olunan cəriməni öz üzərinə götürəcək. Onun sözlərinə görə, Mikaelyan bu addımı şüurlu şəkildə atıb və gələcəkdə də oxşar mövqe sərgiləyə biləcəyini istisna etməyib.
Federasiya rəhbəri həmçinin qeyd edib ki, 2025-ci ilin mayında Beynəlxalq Xizək Federasiyası (FIS) Azərbaycanın Dövlət Turizm Agentliyini iri sponsor kimi təsdiqləyib. Sponsorluq razılaşmasına əsasən, “Azərbaycan” brendi dünya çempionatları və Dünya Kuboku mərhələləri də daxil olmaqla, beynəlxalq yarışlarda təqdim edilir.
Xatırladaq ki, Azərbaycan son illər qış idman növlərinin inkişafı istiqamətində mühüm addımlar atır. Ölkəmiz beynəlxalq idman federasiyalarının üzvü kimi tanınır, eyni zamanda nüfuzlu yarışlara ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın idman infrastrukturu və beynəlxalq idman əlaqələrinin inkişafının göstəricisi kimi qiymətləndirilir.
Beynəlxalq Xizək Federasiyası isə baş verən hadisəyə münasibətdə qaydaların bütün iştirakçılar üçün bərabər tətbiq olunduğunu vurğulayıb. Məlumata görə, Mikaelyan diskvalifikasiya edilməyib və yalnız qayda pozuntusuna görə cərimələnib.













































































