İsrailin bobsley üzrə yığmasının pilotu Ey Cey Edelman 2026-cı il Qış Olimpiya Oyunlarına hazırlığın son mərhələsində komandanın üzləşdiyi xoşagəlməz hadisədən danışıb.
Sportnet.az xəbər verir ki, fevralın 7-də bobsleyçilərin hazırlıq məqsədilə kirayələdikləri mənzildə oğurluq olub.
Hadisə nəticəsində pasportlar və ümumi dəyəri minlərlə dollarla ölçülən şəxsi əşyalar naməlum şəxslər tərəfindən aparılıb.
Edelmanın sözlərinə görə, polis araşdırmasına baxmayaraq, komanda həmin gün məşqləri dayandırmayıb. O, sosial şəbəkə hesabında yazıb ki, yaranmış çətin vəziyyətə rəğmən, kollektivin məşqlərə davam etməsi komandanın ruhunu və birliyini göstərir.
Komandanın bəzi üzvləri hələ İtaliyaya gəlməyib və onların yalnız növbəti həftə məşq bazasını tərk edəcəyi bildirilir.
İsrail Olimpiya Komitəsi hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, İsrail tarixində ilk dəfə Olimpiya Oyunlarında bobsley növündə təmsil olunacaq. Buna Böyük Britaniyanın Milan və Kortina-d’Ampezzo Qış Olimpiya Oyunları üçün ayrılmış kvotaların birindən imtina etməsi şərait yaradıb. Növbəti sırada olan İsrail bu təklifi qəbul edib.
Edelman bildirib ki, oğurluq zamanı özü İtaliyada olsa da, hadisə yerində olmayıb. Komandanın baş məşqçisi İtamar Şprinsin həmin vaxt mənzildə olub-olmadığı isə dəqiqləşdirilməyib.
İsrail yığması Olimpiadada həm ikilik, həm də dördlük yarışlarında çıxış etməyi planlaşdırır. Hər iki heyətdə pilot rolunu Ey Cey Edelman yerinə yetirəcək.
Qış Olimpiya Oyunları 22 fevraladək Milan və Kortina-d’Ampezzo şəhərlərində keçiriləcək.














































































