Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyası Azərbaycanın təqdim etdiyi etirazı müzakirə edib.
Sportnet.az xəbər verir ki, Ermənistanı 25-ci Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında təmsil edən idmançılar Karina Akopova və Nikita Raxmani qısa proqramlarını Ara Gevorkyanın “Artsax” adlı musiqi əsəri altında təqdim etməyi planlaşdırıblar.
Azərbaycan tərəfi Olimpiya Oyunları çərçivəsində “Artsax” adlı musiqi əsərinin səsləndirilməsinin siyasi məzmun daşıdığını və bunun Olimpiya Xartiyasının prinsiplərinə zidd olduğunu əsas gətirərək rəsmi etiraz təqdim edib.
IOC məsələ ilə bağlı addım ataraq erməni fiqurlu konkisürənlərin proqramının adını rəsmi siyahıda dəyişib. Olimpiya Oyunlarında onların çıxışında istifadə olunacaq musiqi rəsmi sənədlərdə “Ara Gevorkyanın musiqisi” kimi qeyd edilib.
Qeyd edək ki, Karina Akopova və Nikita Raxmani qısa proqramla fevralın 15-də, sərbəst proqramla isə fevralın 16-da buz üzərinə çıxacaqlar.














































































