Formula 1 üzrə ikiqat dünya çempionu titulunu qazanan "McLaren
Honda” komandasının heyətində yarışan Fernando Alonso "2016 "Formula 1 Avropa Qran
Pri"sinin rəsmi elçisi kimi bu gün Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, o, Bakıya səfəri çərçivəsində "Formula
1”in ən yeni şəhər treki hesab olunan Bakı Şəhər Halqasına baş çəkib və burada trekin
özünə məxsus xüsusiyyətləri ilə yaxından tanış olub.
Alonso "Formula 1” yarış təqviminə ən son əlavə
olunan Bakı Şəhər Halqasını əyani şəkildə müşahidə etmək üçün Azərbaycana səfər
edən ilk "Formula 1” pilotudur. Avropa Qran Prisi yarışına 100 günün qaldığı bir
ərəfədə Bakıya səfər edən ispaniyalı pilot şəhərin mərkəzi küçələrindən keçəcək
trekin inşasıi lə əlaqədar birinci mərhələdə görülən işlərin nəticələri ilə və eyni
zamanda bu yay baş tutacaq "Formula 1” yarışınadək trekin tam hazır vəziyyətə gətirilməsi
üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin(BŞH) apardığı gündəlik işlərin gedişatı
ilə əyani şəkildə tanış olub.
Trekdə gəzinti zamanı Alonsoya tezliklə Bakının əzəmətli
Hökumət Evinin qarşısında Paddok və Pit Yolu kimi fəaliyyətə başlayacaq ərazilərdə
görülən hazırlıqlar, o cümlədən, iki mərtəbəli Pit binasının tikintisi ilə bağlı
həyata keçirilən işlər haqqında məlumat verilib. "McLaren Honda” komandasının pilotu
və həmçinin "2016 Formula 1 Avropa Qran Pri”sinin "vizitkartı” hesab olunan Fernando
Alonso İçəri Şəhər divarlarının ətrafından keçən trekin 8-11-ci döngələri əhatə
edən 7,6 metrlik ensiz yoxuş hissəsi ilə tanış olub. İspaniyalı pilot daha sonra
Bakının müdafiə məqsədilə tikilmiş qədim abidəsi olan Qız qalasının ətrafından keçən
və iki istiqamətli hərəkət hissəsindən ibarət olan 16-cı döngəyə baş çəkib. O, ən
sonda şəhər halqasının Bakının gözəl mənzərəli dəniz kənarı bulvarı boyu uzanan
və finiş xəttinə doğru avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə
xəttinə də baxış keçirib.