Azərbaycanın istedadlı gənc Formula 3 pilotu və Avropa Qran Prisinin rəsmi elçisi Gülhüseyn Abdullayev Formula 1-in ən yeni şəhər trekini ilk dəfə sınaqdan keçirib. Sportnet.az-ın məlumatına görə, Abdullayev GP3 seriya yarışlarına məxsus avtomobildə Bakı Şəhər Halqasını (BŞH) 4 dövrə vurub.
Sınaq yürüşündən sonra o, Azadlıq meydanında yerləşən Pit binasının qarşısına toplaşan jurnalistlərin suallarını cavablandırıb. Formula 3 yarışlarında Azərbaycanı təmsil edən 19 yaşlı pilot BŞH haqda ilk təəssüratlarını bölüşüb: "BŞH həm yavaş, həm də sürətli döngələrin kombinasiyasından ibarətdir. Ümumiyyətlə, çox gözəl qurulub. Digər şəhər treklərindən fərqli olaraq genişliyi də yetəri qədərdir. Qoşa Qala qapısı ətrafındakı 8 - 10-cu döngələr mənə çox maraqlı gəldi. İnanıram ki, orada yarış zamanı çox maraqlı məqamlar olacaq. Əslində həmin döngələrin olduğu hissə çox da asan deyil. Hazırda trek boşdur deyə bir az asan idi, lakin öndə avtomobillər və ya yavaş sürücü olanda, yaxud da qəza şəraiti olanda oradan keçmək çətin olacaq".
Abdullayev treki çox bəyəndiyini də söyləyib: "Bakıda sürmək tamamilə fərqli bir hissdir. Uşaqlığımdan arzum idi ki, Azərbaycanda trek olsun, şəhər treki və yaxud daimi trek, orada sürüm. Bu gün uşaqlıq arzum gerçəkləşdi. Ona görə də çox xoşbəxtəm. İcazə versəydilər daha çox sürmək istərdim. Bütövlükdə BŞH digər şəhər trekləri ilə müqayisədə onlardan heç də geridə qalmır. Hətta onların çoxundan daha yaxşıdır. İnanıram ki, bütün Formula 1 pilotları bu yarışı səbirsizliklə gözləyirlər və buradan razılıqla ayrılacaqlar".
Gənc pilot 17 - 19 iyunda Bakıda keçiriləcək Avropa Qran Prisində kimin qalib gələcəyini indidən deməyin çox çətin olduğunu da söyləyib: "Çünki bütün pilotlar üçün bura yeni trekdir. Məhz buna görə də burada yarış maraqlı olacaq".
Qeyd edək ki, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin BŞH-dəki sürət performansını trek ətrafına toplaşmış yüzlərlə şəhər sakini böyük maraqla izləyib.