Komanda yoldaşı Şarl Lekler tərəfdən rəqabətin güclənməsinə baxmayaraq, "Ferrari" pilotu Sebastyan Fettel yaxın vaxtlarda karyerasını bitirmək niyyətində deyil.
Sportnet.az xəbər verir ki, bu barədə "Formula 1" üzrə dördqat dünya çempionunun özü "GPblog"a açıqlamasında bildirib.
"Xeyr, əsla yox. Bizim üçün yaş amili digər növlərdəki qədər kritik deyil. Amma burada da eynidir: Kifayət qədər yaxşısansa, deməli, kifayət qədər gəncsən" deyən 32 yaşlı Fettel 12 ildir çıxış etdiyi "Formula 1"də qarşısına əvvəlki perspektivlərin qoyulmadığını diqqətə çatdırıb: "Hadisələri fərqli qiymətləndirir, tələsmirəm. Amma ehtiyatda daha bir neçə mövsümün olması yaxşı haldır".
Qeyd edək ki, bu mövsüm 22 yaşlı Şarl Lekler Sebastyan Fetteli həm qələbə (2/1), həm də xal sayında (249/230) üstələyir. Son Qran-pri dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə olacaq.