![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1738955648_gules-zaqreb1.jpg)
Azərbaycanın daha 6 güləşçisi Xorvatiyanın paytaxtında keçirilən “Zaqreb Open”də mübarizə aparıb.
Sportnet.az xəbər verir ki, qadın güləşində 59 kq çəki dərəcəsində həlledici görüşdə Günay Qurbanova və Alyona Kolesnik üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən finalda daha əzmkar güləş nümayiş etdirən Qurbanova 4:2 hesablı qələbə qazanıb.
Bunadək Kolesnik A qrupunda macarıstanlı Erika Boqnar (5:2) və ABŞ təmsilçisi Mikaela Bekə (tuş), Günay Qurbanova isə B qrupunda amerikalı digər pəhləvan Sofiya Makaluso (tuş) və moldovalı Mariana Çerdivaraya (8:2) qalib gəlib. Hər iki güləşçi qrup lideri kimi yarımfinala yüksəlib. Kolesnik Çerdivaranı 3:1, Qurbanova isə Beki 6:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Milli üzvləri həlledici görüşdə qarşılaşıb. Qurbanova qızıl, Kolesnik gümüş medal əldə edib.
Yunan-Roma güləşçiləri isə günü medalsız başa vurublar. Murad Məmmədov (63 kq) ilk mərhələdə özbəkistanlı Aytjan Xalmaxanova uduzub - 5:14. Onunla eyni çəkidə yer alan Ziya Babaşov belaruslu Qleb Makarankaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlsə də, rusiyalı Dinislam Bammatova məğlub olub – 0:8. Babaşov ABŞ-an olan Ellis Kolmanla görüşdə son saniyələrdə təşəbbüsü əldən verərək bürünc medal şansını itirib – 3:5.
Paris-2024 Yay Olimpiya Oyunlarından sonra ilk yarışına çıxan Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində norveçli Morten Toreseni mübarizədən kənarlaşdırıb – 5:1. Cəfərov moldovalı Valentin Petiçlə görüşdə 7:0 hesabı ilə öndə olarkən qulağından ciddi zədə alıb və yarışı tərk etmək məcburiyyətində qalıb. Onun komanda yoldaşı Fərid Xəlilov debütdə serbiyalı dünya çempionu Sebastyan Nada sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.