
Boks üzrə mütləq dünya çempionu Mayk Taysonu zorlamada ittiham edən qadın iddia ərizəsini geri götürüb.
Sportnet.az-ın "USA Today" nəşrinə istinadən məlumatına görə, bu barədə Taysonun maraqlarını müdafiə edən vəkil Deniel Rubin açıqlama verib.
Məhkəmə qeydlərinə əsasən, insident 1991-ci ildə Nyu York ştatının Olbani şəhərində boksçunun limuzinində baş verib. Qadın Taysondan 5 milyon dollar tələb edirdi. İndi isə ittihamçı tərəf işi dayandırmağı könüllü şəkildə qərara alıb.
Qeyd edək ki, Mayk Tayson 1992-ci ildə də zorlamada ittiham olunaraq, 6 illik həbs cəzasına məruz qalıb. O, cəzanın 3 ilini həbsxanada keçirib. 1998-ci ildə Tayson adam döydüyünə görə 3,5 ay, 2008-ci ildə isə narkotikdən istifadə və narkotikin təsiri aldında avtomobil idarə etdiyi üçün bir müddət həbsdə olub.
ABŞ boksçusu peşəkar karyerası ərzində 58 görüş keçirib, 44-ü nokautla olmaqla, 50 qələbə qazanıb. Daha 2 qarşılaşma baş tutmamış sayılıb.