
Azərbaycan cüdoçuları Gürcüstanın Qori şəhərində keçirilən Avropa Kubokunu 4 medalla başa vurub.
Sportnet.az xəbər verir ki, sonuncu yarış günündə milli komandanın aktivinə daha bir medal yazılıb.
81 kq çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev finalda yerli idmançı Aleksandre Loladzeyə uduzaraq, gümüş medal əldə edib.
Beləliklə, Azərbaycan millisi Avropa Kubokunda 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Mayın 10-da Nazir Talıbov (66 kq) qızıl, Babarahim Mirzəyev (60 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, Avropa Kubokuna 15 ölkədən 169 cüdoçu qatılıb. Azərbaycanın ümumilikdə 19 təmsilçisi olub.