
İyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək cüdo üzrə böyüklər arasında dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda 7 gün ərzində qüvvəsini sınayacaq.
Eyni zamanda Azərbaycan millisi iyunun 20-də qarışıq komanda mübarizəsinə də qatılacaq.
Cüdoçular performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
"Laslo Papp" İdman Arenasında keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin heyəti:
Kişilər: Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq)
Qadınlar: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (57 kq)
Qarışıq komanda yarışı: Aytac Qardaşxanlı, Günel Həsənli (hər ikisi 70 kq).