
Bakıda keçirilən UFC turnirində Nazim Sadıxova nokaut olan Nikolas Motta paylaşım edib.
Sportnet.az xəbər verir ki, braziliyalı döyüşçü instaqram hesabında Sadıxovu işarələyərək "Bax gör, üzümə nə etmisən" yazılı şəklini yerləşdirib.
31 yaşlı azərbaycanlının cavabı isə özünü çox gözlətməyib. O, Mottanın bunu haqq etdiyini bildirib: "Nikolas, bu ədalətlidir, çünki indi ayağım şar kimi şişib və sən döyüş gecəsində az qalmışdın mənə qaraciyərimi qusdurasan. Ona görə bu ədalətlidir, haqq etdiyin budur".
Sadıxov həmçinin qulağından da yaralandığını söyləyib: "Bilmirəm sənmi qulağıma vurdun, ya da mən qulağımla sənə təzyiq etməyə çalışdım, nəsə belə bir şey oldu, amma o da çox pis vəziyyətdədir. Ən pis hissəsi, elə bil bir kərpicə təpiklə vurmuşam kimi oldu. Sənin o bərk, braziliyalı başın… Sizə nə yedirirlər belə?"
Qeyd edək ki, 21 iyunda Bakı Kristal Zalında təşkil olunmuş döyüşdə Nazim Sadıxov Nikolas Mottanı 2-ci raundda nokaut edib. Bu qarşılaşma gecənin döyüşü seçilib.