
Azərbaycanın gənc cüdoçuları oktyabrın 5-də Perunun paytaxtı Limada start götürəcək dünya çempionatına qatılacaqlar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma dörd gün davam edəcək mundialda ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı ilə (6 oğlan, 2 qız) təmsil olunacaq.
Cüdoçulara gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Oğlanlar arasında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq), Süleyman Şükürov, (81 kq) və Ramazan Əhmədov (+100 kq) qalib olmaq üçün mübarizə aparacaq.
Qızların yarışında isə Xədicə Qədəşova və Aydan Vəliyeva (hər ikisi 52 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.
Qeyd edək ki, dünya çempionatında 66 ölkədən 454 idmançı (242 oğlan, 212 qız) mübarizə aparacaq.