
Yevlax – Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qız boksçuların mübarizəsi yekunlaşıb. Millimiz Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurub.
Sportnet.az xəbər verir ki baş məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Gülər Hüseynova (48 kq) Oyunların qalibi olub. O, final döyüşündə rusiyalı Darya Qavrinanı 4:1 hesabı ilə (29:28, 28:29, 29:28, 30:27, 30:27) məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, MDB Oyunlarında Azərbaycan boks tarixinə ilk qızıl medal kimi düşüb.
Komandanın digər üzvləri isə medallar qazanıblar:
- Gümüş medallar: Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq)
- Bürünc medallar: Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq), Azərpur Mirruqəyya (57 kq), Səma Abbasova (66 kq)
Beləliklə, Azərbaycan qız boksçuları 1 qızıl, 5 gümüş və 4 bürünc medalla həm medalların əyarında, həm də sayında yeni rekord müəyyənləşdiriblər.
Qeyd edək ki, yarışın son günündə – oktyabrın 5-də oğlan boksçularımız da final döyüşünə çıxacaqlar. Artıq aktivində 9 bürünc medal olan komanda, 5 çəkidə qızıl medal uğrunda mübarizə aparacaq.