
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Nəzərov rəqibini 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib və Çexiyada Azərbaycan himnini səsləndirib.
Digər təmsilçimiz Banuçiçək Nəsirli (48 kq) finalda fransalı Matilda Fraqnierlə qarşılaşıb. Görüşdə rəqib üstün olub və Nəsirli gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub. Daha əvvəl Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən boksçularımız oktyabrın 11-də Vətənə qayıdacaqlar.