
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya Turniri başa çatıb.
Sportnet.az-ın məlumatına görə, son yarış günündə Azərbaycan milli komandasının daha 4 üzvü fəxri kürsüyə qalxıb.
Qadınlar arasında 70 kq çəki dərəcəsinin finalı Azərbaycan derbisi ilə əlamətdar olub. Südabə Ağayeva qızıl, Aytac Qardaşxanlı gümüş medala yiyələnib.
78 kq çəkidə çıxış edən Günel Həsənli də gümüş medala layiq görülüb.
Kişilərin mübarizəsində Elmar Qasımov (100 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, oktyabrın 11-də Tofiq Məmmədov (60 kq), Gültac Məmmədəliyeva (52 kq) qızıl, Hüseyn Allahyarov (60 kq), Ülviyyə Bayramova (57 kq) gümüş, Elşən Əsədov (66 kq) və İbrahim Əliyev (73 kq) bürünc medalla yadda qalıblar.
Yekunda 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10 medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü yeri tutub.