Almaniyanın Keinbaum şəhərində 17 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.
Sportnet.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.
Qardaş Rəhimov (46 kq) Misteak Rama (Albaniya) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, 1/2 finalda Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşacaq.
Şükar Əliyev (75 kq) də 1/4 final döyüşündən qalib ayrılıb. O, Yannik Müllerdən (Almaniya) güclü olub – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28). Əliyev yarımfinalda Aleks Domjanla (Macarıstan) döyüşəcək.
Yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın daha 3 boksçusu 1/4 final döyüşünə çıxacaq.










































































