Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq xarakterli “Muhamet Malo” turnirinin 4-cü yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizə aparıb.
Sportnet.az xəbər verir ki, pəhləvanlardan 2-si fəxri kürsüyə qalxıb.
Murad Məmmədov (63 kq) 1/8 finalda iranlı Ali Nurayiyə 3:8 hesabı ilə məğlub olub. Ziya Babaşov albaniyalı Mikel Tropliniyə (8:0), iranlı Ali Nurayiyə (4:1) və qazaxıstanlı Yernur Fidaxmetova (7:3), Sakit Quliyev isə amerikalı İldar Hafizova (9:0), qazaxıstanlı Bakitjan Kabdilə (7:1) və norveçli Morten Toresenə (11:0) qalib gələrək finala yüksəlib.
Beləliklə, azərbaycanlı güləşçilər həlledici görüşdə üz-üzə gəliblər. Quliyevə ilk xal prinsipinə əsasən (1:1) qalib gələn Babaşov reytinq turnirinin qalibi olub.
Məhəmməd Şükürzadə (67 kq) isə belaruslu Qleb Makarankaya ilk xal prinsipinə əsasən (1:1) qalib gəlsə də, 1/4 finalda qazaxıstanlı Meirjan Şermaxanbetə 0:4 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Şükürzadə ekvadorlu Andres Arroyonu tam üstünlüklə (12:3) yolundan kənarlaşdırıb. O, bürünc medal uğrunda gürcüstanlı Coni Xetsuriani ilə güləşib və 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bununla da reytinq turnirində Azərbaycanın medallarının sayı 6-ya çatıb.









































































