Avstriyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran Prinin ikinci günündə Azərbaycan yığması aktivinə daha iki medal yazdırıb.
Sportnet.az xəbər verir ki, hər iki medal 81 kq çəki dərəcəsində əldə edilib.
Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüb.
Qələndərzadə zədələndiyi final görüşündə Adilet Almata (Qazaxıstan) məğlub olub. Rəcəbli isə üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.
Xatırladaq ki, ilk yarış günündə Ruslan Paşayev (66 kq) yarışın qalibi olmuşdu.
Hesabında bir dəst medal olan Azərbaycan 59 ölkə arasında ümumi komanda sıralamasında üçüncü, kişilər arasında isə birinci pillədə qərarlaşıb.














































































