Azərbaycan cüdoçuları Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində çıxış edəcəklər.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, aprelin 14-də start götürəcək yarışda 9 çəki dərəcəsində 19 cüdoçu ilə (15 kişi, 4 qadın) mübarizə aparacaq.
Kişilərin yarışında Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov (hamısı 60 kq), Nazir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov (hamısı 66 kq), İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Elmar Qasımov, Nihad Şıxəlizadə (hər ikisi 100 kq), Camal Feyziyev (+100 kq) çıxış edəcək.
Qadınların mübarizəsinə isə Gülnarə Bayramova (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli, Günel Həsənli (hər ikisi 78 kq) qatılacaq.
Milliyə kişilərdən ibarət yığmanın böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə gerçəkləşəcək iki günlük turnirdə 31 ölkədən 359 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı hakimlər Nazim Umbayev və Akif Tahirov da yer alacaq.