"Artıq dördüncü dəfədir bu yarış keçirilir. Əvvəlkilərdən ikisi Göygöldə, ötən il Qubada, bu dəfə isə Gəncədə təşkil olunur".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidentinin müavini və idman direktoru Kamran Talıbov yarışa ezam olunmuş jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Gəncə İdman Sarayında keçirilən Avropa Kubokunda 10 fərqli ölkədən 269 cüdoçu mübarizə aparır. Onlardan 180-i oğlan, 89-u isə qızdır.
Talıbov idmançılarla yanaşı, Avropa Cüdo Birliyinin texniki, idman və hakimlər üzrə komissarlarının da iştirak etdiklərini diqqətə çatdırıb. Yarışı yerli və xarici beynəlxalq dərəcəli hakimlər idarə edirlər.
ACF rəsmisi yarışın əhəmiyyətinə də diqqət çəkib: "Burada yeniyetmə idmançılar qarşıdakı gənclər və böyüklər kateqoriyalarında da yenidən eyni rəqiblərlə üz-üzə gələcəklər. Bu, onların karyerasının hələ başlanğıcıdır. Burada cüdoçular təcrübə qazanır, səhvlərindən öyrənir və yaxşı beynəlxalq yarış mühiti yaşamış olurlar".
Talıbovun sözlərinə görə, Avropa Kubokunda həm müvafiq yaş qrupu üzrə Azərbaycan millisinin üzvləri, həm də yığmanın tərkibində olmayan, amma təcrübəli namizədlər var. Onlar bizim daxili turnirlərdə - istər Liqa yarışları, istərsə də ölkə birinciliklərində yüksək nəticələr veriblər və perspektivlidirlər".
Baş direktorun fikrincə, qaliblərin hansı beynəlxalq yarışlarda iştirak edəcəklərinə milli komandanın məşqçilər korpusu buradakı performansa və məşqlərə əsasən qərar verəcək: "Bu, növbəti planlarda millinin məşqçilər korpusunun işidir".
Talıbov Polşa tərəfinin yarışdan imtina səbəbini təşkilatçılara bildirmədiyini əlavə edib: "Onlar sadəcə, iştirakdan imtina ediblər. Xüsusi səbəb qeyd olunmayıb. Hansı ölkənin çıxış edib-etməməsindən asılı olmayaraq, biz hər zaman öz cüdoçularımıza güvənir, onların yaxşı nəticə göstərəcəklərinə ümid edirik. Bugünkü yarışdan da gözləntimiz yüksəkdir. Bizim üçün hər bir idmançı medal ümididir. Hazırda proqnoz verə bilmərəm. Bunu nəticələr göstərər".
O, gələcəkdə də Avropa Kubokunun regionlarda olacağı dilə gətirib: "Hər zaman çalışırıq ki, həm daxili, həm də beynəlxalq yarışlarımız müxtəlif regionlarda baş tutsun. Növbəti məkanla bağlı hələlik dəqiq məlumatımız yoxdur. Burada da ola bilər, başqa regionda da. Əsas odur ki, qitəmiqyaslı turnirlər səviyyəsində arena olsun".
Haşım MƏMMƏDOV










































































