Ötən həftəsonu Gəncə şəhərində keçirilmiş cüdo üzrə Avropa Kuboku turniri hakimlik baxımından da diqqət çəkən yarışlardan biri kimi yadda qaldı.
Bu turnirdə Azərbaycanın dörd gənc hakimi ilk dəfə olaraq belə səviyyəli beynəlxalq yarışa təyinat aldı və onların fəaliyyəti prinsipial şəkildə qiymətləndirildi.
Bu hakimlər - Əzizə Cəfərova, İslam Nəcəfquliyev, Sadiq Qurbanlı və Vilayət Rəhimli — yarış prosesində qaydaların tətbiqinə ciddi yanaşma nümayiş etdirdilər. İdarə etdikləri görüşlər zamanı düzgün mövqey seçərək epizodları dəqiq qiymətləndirmələri xüsusilə diqqətə çarpırdı.
Qeyd olunmalıdır ki, adı çəkilən gənc hakimlər təsadüfi seçilməmişdir. Bu hakimlər onlarla namizəd arasından seçilərək uzun müddət davam edən hazırlıq prosesindən keçmiş, nəzəri və praktiki baxımdan ciddi şəkildə hazırlanmışlar. Bu hazırlıq onların yarış zamanı daha inamlı və sabit fəaliyyət göstərməsində özünü aydın şəkildə göstərdi.
Onu da qeyd etməliyəm ki, beynəlxalq səviyyəli yarışlarda hakimlik yalnız texniki biliklərlə məhdudlaşmır. Burada əsas meyarlar düzgün mövqe seçimi, epizodu əvvəlcədən hiss etmək, vaxtında və qəti qərarvermə, eləcə də yarışın ritminin qorunmasıdır. Bu baxımdan, adı çəkilən hakimlərin çıxışı qənaətbəxş hesab oluna bilər.
Xüsusilə qeyd etməliyəm ki, belə turnirlər gənc hakimlərin inkişafı və beynəlxalq təcrübə qazanması üçün mühüm imkan yaradır. Bu cür sınaqlar onların gələcəkdə daha məsuliyyətli təyinatlara hazırlanmasında əsas mərhələlərdən biridir.
Ümumilikdə, bu debüt çıxışı göstərdi ki, gənc hakimlər potensiala malikdir və düzgün istiqamətdə işlədikləri təqdirdə, beynəlxalq hakimlik sistemində öz yerlərini tuta bilərlər.
Mətin Rəhimli
ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim
















































































