Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Semyon Çterev pəhləvanlarımızın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsindəki çıxışından razı qalıb. Sportnet.az-ın Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Çterev bu turnirdəki nəticələri nəzərə alaraq, yığma komandanın tərkibini müəyyənləşdirəcəklərini söyləyib.
O, turnirdə iştirak edən idmançıların heç vaxt olmadığı qədər güclü çıxış etdiklərini vurğulayıb: "Azərbaycanın aparıcı güləşçiləri üçün "Qızıl Qran Pri” Daşkənddə keçiriləcək dünya çempionatından əvvəl son sınaq oldu. Fikir verin, uşaqlarımızın neçəsi finala çıxdı. Hələ turnirdə bütün liderlərimiz çıxış edə bilmədi. Hacı Əliyev və Cəbrayıl Həsənovun çıxışını qeyd edərdim. Onlar milli komandaya əsas namizədlərdir, digər çəkilər haqda nəsə deyə bilmərəm".
Bolqarıstanlı məşqçi yığmaya çağıracaq güləşçilərin adlarını əvvəlcədən açıqlamaq istəmədiyini söyləyib: "Çünki bu, həm əsas, həm də əvəzedici heyətin üzvlərinə yaxşı təsir göstərmir. Uşaqların hamısı bilməlidir ki, hər birinin şansı var. Səhhətindəki problemlərə görə "Qızıl Qran Pri” yarışlarında iştirak edə bilməyən Həmzət Osmanov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov da toplanışa qatılacaq. Amma bir şərtlə ki, yaxın vaxtda zədələrini tam sağaltsınlar. Dünya çempionatına gedəcək güləşçilərin adlarını Bakıda keçiriləcək sonuncu təlim-məşq toplanışının yekununda açıqlayacağam. Buna qədər isə Minskdə hazırlıq keçirməyi planlaşdırırıq”.
Qeyd edək ki, sərbəst güləşçilərimiz "Qızıl Qran Pri"də 3 qızıl, 3 gümüş, 7 bürünc medal qazanıblar.